ELM VƏ TƏHSİL
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Böyük Britaniyanın Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru, professor İqor Quz ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə M.Babanlı rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, fakültələri və görülən işlər barədə qonağa ətraflı məlumat verib. Elmi layihələrin həyata keçirilməsi, o cümlədən tələbə və professor-müəllim heyətinin mübadiləsi istiqamətində genişmiqyaslı əməkdaşlıq üçün hər cür imkanların olduğunu diqqətə çatdıran rektor, həmçinin mühəndislik ixtisası üzrə birgə layihələrin reallaşdırılmasının əhəmiyyətindən danışıb.
Professor İ.Quz uzun illərdən sonra yenidən Azərbaycanda olmaqdan məmnun olduğunu deyib. Dünyanın bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq etdiklərini vurğulayan qonaq ADNSU ilə də mühəndis ixtisasları üzrə birgə layihələrin həyata keçirilməsi və ikili diplomlar üzrə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, dünyada yeni trend kimi yayılan “Enerji ötürülməsi” ilə bağlı ADNSU ilə birgə proqramların işlənməsini də mühüm hesab edib.
Sonra qonaq ADNSU-nun Tarix muzeyində olub.