CƏMİYYƏT
Tələbələrə narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar barədə məlumat verilib
Bakı, 16 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar təşkil olunub.
Tədbirdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, tələbələrə narkotiklərin insan orqanizminə məhvedici təsiri və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verilib. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanıb. Həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tələbələr arasında paylanılıb.