ELM VƏ TƏHSİL
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı çapdan çıxıb
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı nəşr edilib. Özbəkistan və Azərbaycanın görkəmli sənətkarı Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunmuş kitab Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə çap olunub. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “İki xalqın görkəmli sənətkarı” sərlövhəli “Ön söz”də Maqsud Şeyxzadənin həyatı və fəaliyyəti işıqlandırılıb.
Kitabı nəşrə hazırlayan və redaktoru filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovadır. Topluya özbəkistanlı alimlər akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova və azərbaycanlı alim - filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi AMEA-nın Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları və haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr və məqalələr toplanıb. Məqalələr Azərbaycan, özbək və rus dillərindədir. Bununla yanaşı, kitabda 64 foto da yer alıb.