REGİONLAR
İsmayıllının meyvə bağlarından 8500 ton məhsul yığılıb
İsmayıllı, 19 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda meyvə yığımı davam edir və artıq bağlardan 8500 ton məhsul tədarük olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, meyvəçilik bölgədə ənənəvi sahədir. Hazırda bağların sahəsi 3669,6 hektara çatıb ki, bunun da 851 hektarı bar verəndir. Son illərdə sahibkarlar yeni meyvə bağları salarkən məhsuldar, rəqabətqabiliyyətli sortların əkininə, müasir suvarma sistemlərinin tətbiqinə üstünlük verirlər. Təkcə Qalınçaq kəndində bu il 245,6 hektarda yeni bağ salınıb ki, bunun 27,2 hektarı intensiv meyvə bağlarıdır.
Rayonda fındıq bağlarının sahəsi də sürətlə artır. Hazırda mövcud bağların 2091 hektarı fındıq bağlarıdır. Bu bağların 87 hektarı bar verir. Təkcə cari ildə bar verən bağlardan 282 ton fındıq yığılıb.
Qeyd edək ki, yığılan meyvələr nəinki yerli və ətraf rayonların, habelə respublikamızın iri şəhərlərinin bazarlarına çıxarılır.