REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Müşfiqabad qəsəbəsində keçirilən aksiyaya Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də qoşulub.
AZƏRTAC xəbər verir ki, nazirlik nümayəndələri Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər.
Bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.