CƏMİYYƏT
FAO torpağın gələcək eroziyasının qarşısını almağa çağırıb
Bakı, 6 dekabr, AZƏRTAC
Eroziya hər beş saniyədən bir futbol meydançası ölçüsündə torpaq sahəsini məhv edir. Eyni zamanda, cəmi 2-3 santimetrlik məhsuldar torpağın bərpası üçün təxminən min il tələb olunur. BMT torpağın gələcək deqradasiyasının qarşısını almağa, bunun üçün torpaq ehtiyatlarının dayanıqlı idarəetməsinə üstünlük verməyə çağırır.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Dünya Torpaq Günü qeyd edilib. Bu münasibətlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya əhalisinin sürətli artımı fonunda sağlam ekoloji sistemlərin mühafizəsinin zəruriliyi haqqında məlumatlandırmanı artırmaq üzrə kampaniya həyata keçirməyə başlayıb.
Qeyd olunur ki, hazırda dünyada torpaqların üçdəbiri eroziya, germetizasiya, üzvi maddələrin yuyulması, turşuluq, çirklənmə və başqa mənfi proseslərin təsiri altında deqradasiyaya məruz qalıb. Əgər təcili tədbirlər görülməzsə, onda 2050-ci ildə eroziya nəticəsində planetin bütün torpaq sahələrinin 90 faizi məhv olacaq. Söhbət onların yuxarı səthində məhsuldar təbəqənin su, külək və ya intensiv əkin vasitəsilə sıradan çıxmasından gedir. Bəzi hallarda torpaq səthinin eroziyası bütün iqlim şəraitlərində və bütün qitələrdə təbii yolla baş verir. Lakin bu proses əsasən insan fəaliyyətinin, intensiv əkinçilik və meşələrin qırılmasının nəticəsidir.
Torpağın deqradasiyasının indiki tempi gələcək nəsillərin tələbatının ödənilməsini də təhlükə altında qoyur. Proqnozlara görə, 2050-ci ildə planetimizin əhalisi 9 milyard nəfəri keçəcək. Onların ərzaq təminatı yalnız məhsuldarlığın artırılması və sağlam torpaq zəminində becərilən məhsulun keyfiyyətinin yüksəldilməsidir.
Bundan başqa, torpaq zəmini həm də özünəməxsus filtr rolunu oynayır və hər il on minlərlə kub kilometr suyu təmizləyir. O, karbon qazının tənzimlənməsi üzrə iqlim dəyişikliyinin qarşısını almağa da kömək edir.
FAO özünün son hesabatında qeyd edib ki, son on ildə dünyanın bir neçə regionunda torpaq eroziyası azalıb. Bunun səbəbi isə resurslardan daha səmərəli istifadə olunmasıdır.