SİYASƏT
İranda Ulu Öndərin xatirəsinə həsr edilən humanitar aksiya təşkil olunub
Tehran, 11 dekabr, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 16-cı ildönümü ilə bağlı Azərbaycanın İrandakı səfirliyi xeyriyyə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin əməkdaşları Heydər Əliyevin büstü önünə toplaşaraq onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, məhz Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olunub və praqmatik xarici siyasət kursu müəyyənləşib. İran Azərbaycanın yaxın qonşusu olduğu üçün bu dövlətlə əlaqələrə xüsusi diqqət verilib və qarşılıqlı əlaqələr səmimi dostluq münasibətləri istiqamətində inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Ermənistan istisna olmaqla bütün dövlətlərlə yaxın əlaqələrin qurulmasına nail olub.
Sonra səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək Tehrandakı “Qədir” Xeyriyyə Müəssisəsinin fiziki və zehni cəhətdən qüsurlu xəstə qızların yaşadığı İmam Əli Kompleksini ziyarət ediblər.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində Azərbaycan xalqının tarixən öz mərhəməti və humanizmə sadiqliyi ilə tanındığını vurğulayıb. Həm Sovet İttifaqı, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində insanpərvərliyi, humanizmi, mənəvi dəyərləri, şəfqəti hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin humanizm prinsiplərinin əsasında qurub. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir, həm ölkədə, həm də xaricdə böyük xeyriyyəçilik aksiyaları təşkil edir. Fondun vitse-prezidenti Leyla Əliyeva bayram və əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, onlar üçün maraqlı - mədəni proqramlar təşkil edir. Heydər Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.
“Qədir” Xeyriyyə Müəssisəsinin İmam Əli Kompleksinin Direktorlar Şurasının sədri Hüseyn Zackaniha Azərbaycan səfirliyinin bu aksiyasını yüksək qiymətləndirdiyini bildirib. O deyib: “Siz bura Heydər Əliyevin övladları kimi gəlmisiniz. Müasir zamanda humanizm və xeyriyyəçiliyə daha çox ehtiyac duyulur. Belə müəssisələrin sakinlərinin yad edilməsi insanda sözlə ifadə olunmayan hisslər yaradır”.
“Heydər Əliyev kimi böyük şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizi nurlandırır”,- deyən müəssisənin rəhbəri bildirib ki, Ermənistanın Dağlıq Qarabağ bölgəsinə təcavüzü zamanı İranın Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi kimi Araz çayını keçərək İrana pənah gətirən Zəngilan və Cəbrayıl sakinlərinin Aslandüz körpüsündən Azərbaycana yola salınmasında iştirak edib. İranın qaçqınlar üçün saldığı çadır şəhərciyinə gələn Heydər Əliyev ilə görüşünü xatırlayıb. Onun çadır şəhərciyində yaşayan yaşlı insanlara və uşaqlara necə qayğı ilə yanaşdığının şahidi olduğunu söyləyib. Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafından çox sevindiyini vurğulayıb.
Sonda müəssisədə yaşayanların gündəlik istifadə etdikləri dərmanların bir aylıq xərci təqdim edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran