REGİONLAR
Viktor Szederkenyi: Macarıstanlı iş adamlarının Naxçıvanda işgüzar əlaqələrinin qurulması üçün səylərimi əsirgəməyəcəm
Naxçıvan, 12 dekabr, AZƏRTAC
Azərbaycanla Macarıstan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. İqtisadiyyat, turizm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin inkişafı üçün geniş imkanlar var.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi deyib.
Səfir Naxçıvan Biznes Mərkəzində olarkən muxtar respublikada istehsal olunan məhsulların geniş ixrac potensialı haqqında ətraflı məlumat aldığını vurğulayaraq bildirib ki, gələcəkdə macarıstanlı iş adamlarının Naxçıvana gəlməsi və işgüzar əlaqələrin qurulması üçün səylərini əsirgəməyəcək.
Diplomat deyib: “Naxçıvanda bir sıra maraqlı görüşlər keçirdik, gələcəkdə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimiz barədə müzakirələr apardıq. Mən buradakı ali təhsil müəssisələrində yaradılan yüksək səviyyəli şəraitlə də tanış oldum. Macarıstanda 2000-dən çox azərbaycanlı tələbə təhsil alır. Düşünürəm ki, Naxçıvandakı ali təhsil müəssisələri ilə Macarıstandakı universitetlər arasında gələcəkdə uğurlu tərəfdaşlıq əlaqələri qurula bilər”.