REGİONLAR
Lənkəranda ulu öndər Heydər Əliyevin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib
Lənkəran, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük rəhbərimizin Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri olub. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Lənkərana səfər edib, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikintisini birbaşa diqqətində saxlayıb, rayonda mədəni quruculuq sahələrində əməli işlər görüb.
Bu gün hər bir lənkəranlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən də görürlər. Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Prezidentin imzaladığı sərəncamları lənkəranlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Ulu Öndərin vəfatının 16-cı ildönümü ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilib.