CƏMİYYƏT
Qadına qarşı soyğunçuluq törədən şəxslər polis əməkdaşları tərəfindən tutulublar
Bakı, 13 dekabr, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Ağayeva dekabrın 7-də rayon ərazisindəki parkların birində tanımadığı şəxsin mobil telefonunu və sənədlərini açıq talama yolu ilə oturacağın üzərindən götürüb qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Mirzəyev və C.Rəşid polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayondakı evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları, habelə 200 manat və 100 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Allahverdiyev tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.