CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Bakı, 13 dekabr, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatının (EPAC) və Korrupsiyaya Qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının növbəti iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov, Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev təmsil ediblər.
Beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də ayrı-ayrı dövlətlərin 130-dan çox nümayəndəsinin iştirak etdiyi “Korrupsiyanın əsas mexanizmlərinin təhlili - qlobal çağırışlar və qabaqlayıcı tədbirlər” mövzusunda iclasda İsveç Krallığının yüksək vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında təcrübə mübadiləsi, bu sahədə yaranan problemlər müzakirə edilib. Paralel panel iclaslarında antikorrupsiya təhsili sahəsində yeni ehtiyac və çağırışlar, dövlət satınalmaları və Avropada aparılan antikorrupsiya tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində reallaşdırılan mütərəqqi reformlar, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və qanunvericilik islahatları barədə ətraflı məlumat verib. Antikorrupsiya təhsilinin korrupsiyanın qarşısının alınmasında vacib komponentlərdən biri olduğu nəzər alınaraq, qurumun üzvlərinə nəzəri cəhətdən praktik biliklərə keçməyə imkan verən yeni metodologiyanın hazırlanması təklif edilib.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar maraqla qarşılanıb.
İclasda təşkilati məsələlərə baxılaraq qurumun rəhbər heyətinə seçkilər keçirilib və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.