ELM VƏ TƏHSİL
Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Daxili İşlər Nazirliyinin (DİN) və Təhsil Nazirliyinin “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda birgə seminar-mühazirəsi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Seminarda insan alverinin, sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına mane olduğu, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına neqativ təsir etdiyi, insan alverinin səbəblərinin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikasında vətəndaşların iştirakı barədə iştirakçılara məlumat verilib, DİN-in statistik məlumatları diqqətə çatdırılıb.
Seminar-mühazirə zamanı insan alverinə qarşı mübarizənin təşkilində mühüm faktor kimi qəbul edilən qurbanların cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq, onların təhlükəsizliyini təmin etmək, bu cinayətlərə görə cəzanın labüdlüyünə nail olmaq kimi məsələlərdən, habelə maarifləndirmə xarakterli profilaktik tədbirlərin həyata keçirilməsinin zərurətindən bəhs edilib.
Bildirilib ki, insan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaqda ictimai dəstəyin təmin edilməsi “Azərbaycan Respublikasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın tələblərindən irəli gəlir. Məişət zorakılıqları, erkən nikahlar, əxlaqsızlıq yuvaların saxlanılması və dilənçiliyin formaları insan alverinə şərait yaradan əlamətlərdəndir.
Qeyd olunub ki, layihənin həyata keçirməsində Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin müvafiq orqanları, həmçinin yerli icra hakimiyyəti orqanları yaxından iştirak edirlər. Təlimlərin geniş tələbə auditoriyalarında davam etdirilməsi insan alverinin risk qruplarına aid olanlara yardım etməkdən və vətəndaşların geniş mənada maarifləndirilməsindən irəli gəlir.