CƏMİYYƏT
Goranboy rayonunun Borsunlu kənd ərazisində magistral yolda sürət həddi dəyişdirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
DİN rəhbərliyinin göstərişinə əsasən, əraziyə baxış keçirilib. Magistral yolun həmin hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 kilometrdən 70 kilometrə endirilib, ərazidəki nişanlar yenilənib. Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinləri ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar veriblər. Sakinlərə kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.