İDMAN
Qvardiola “Mançester Siti”dən getməyəcəyini vəd edib
Bakı, 18 yanvar, AZƏRTAC
“Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola gələcək planları barədə söhbət açaraq vurğulayıb ki, əgər bu klubun rəhbərliyi onu işdən azad etməsə özü klubu tərk etməyəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Qvardiola deyib: “Mən dəfələrlə demişəm, əgər “Mançester Siti” məni işdən azad etməsə, heç yerə getməyəcəyəm. Növbəti mövsümdə 100 faiz burada qalmağa hazırlaşıram, özü də ona görə yox ki, biz son iki oyunda qalib gəlmişik və ya son bir neçə ayda yaxşı oynamışıq. Bu oyunçularla işləmək mənə xoşdur, hətta işlərimiz pis getsə, biz Çempionlar Liqasına düşməsək belə, mən bu klubdan getməyəcəyəm.
Menecer üçün yaxşı və pis məqamlar həmişə olur. Siz həmişə qalib gələ bilməzsiniz. Lakin biz gələcəkdə nə edə biləcəyimizi nəzərə almalı və öz oyunumuzu yaxşılaşdırmalıyıq”.
Qvardiolanın kontraktının müddəti 2021-ci ilin iyun ayına qədərdir. KİV-lərdə yayılan məlumata görə, onun illik əməkhaqqı 23,5 milyon avroya bərabərdir.