ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin müəllimləri “EQAC” layihəsinin təlimlərində
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi, Menecment və İngilis dili kafedralarının müəllimləri Bakı Biznes Universitetində (BBU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi - “EQAC” layihəsi çərçivəsində təlimlərə qatılıblar.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, turizm işinin təşkili ixtisası üzrə universitetdə icrasına start verilən pilot layihənin təmsilçiləri Samirə Əmirova, Rəna Ağasıyeva, Cabir Feyzullayev və Fuad Cabbarov Litvanın SMK Tətbiqi Sosial Elmlər Universitetinin təhsil eksperti İnqa Juknyte-Petreikienin apardığı təqdimat-sessiyalarda Avropanın təhsil təcrübəsi ilə tanışlıq imkanı qazanıblar.
ATMU-nun əməkdaşları “Tələbə yönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” mövzularında sessiyalar zamanı verilən praktik tapşırıqların icrası mərhələsində şəxsi tədris metodologiyalarını diqqətə çatdırıblar. Pilot layihə üzrə keçirilən təlimdə ATMU-nun yeni sillabus forması Juknyte-Petreikie tərəfindən yüksək qiymətləndirilib.