MƏDƏNİYYƏT
Xarkovda Azərbaycan əsilli yazıçının yaradıcılıq gecəsi keçirilib
Xarkov, 27 yanvar, AZƏRTAC
Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı çərçivəsində həmvətənimiz, yazıçı Qriqori Hüseynovun yaradıcılıq gecəsini keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xarkov vilayətindəki Azərbaycan diasporunun və yaradıcı ziyalıların nümayəndələri, ali məktəblərin, kulturoloji ictimai təşkilatların rəhbərləri, Xarkov vilayətindəki Özbəkistan diasporunun rəhbəri, “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin yetirmələri iştirak ediblər.
Tədbirdə Qriqori Hüseynovun “Şərqdən əsən külək”adlı yeni kitabının təqdimatı keçirilib. Q.Hüseynov kitab üzərindəki iş prosesindən danışıb. Kitabın müzakirəsində “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvləri Pənah Bəkirov, Bəhlul Mustafayev, Azad Ömərov, Vəli Həsənov, xarkovlu şairə Nina Suprunenko və başqaları iştirak ediblər. Yaradıcılıq gecəsini Ukrayna Yazıçılar İttifaqının və Ukrayna Jurnalistlər İttifaqının üzvü Lütsina Xvorost aparıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov