İQTİSADİYYAT
Ötən il 189,3 milyon dollarlıq pomidor ixrac edilib
Bakı, 29 yanvar, AZƏRTAC
2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
İcmala görə, bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə ötən il meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı 26,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracının dəyəri 23,7 milyon dollar təşkil edib.