REGİONLAR
Kargüzarlığın aparılması qaydaları barədə maarifləndirici seminar keçirilib
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda 36 dövlət orqanının bu sahə üzrə məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında düzgün tətbiqi ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 2019-cu ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu sahəsində qəbul edilən normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı keçirilən 13 seminarda 1238 dövlət qulluqçusu iştirak edib. Lakin buna baxmayaraq, bəzi hallarda qanunvericiliyin tələblərinin pozulması halları müşahidə olunur. Belə ki, 2019-cu ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 6 dövlət orqanının normativ hüquqi aktlara uyğun olmayan 7 qərarı ləğv etdirilib. Seminarın əsas məqsədi qanunvericiliyin tələblərinin dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
Daha sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Orxan Abdullayev hazırlanmış slayd vasitəsilə “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları”nı izah edib. Seminarda kargüzarlığın aparılması işi və digər məsələlər barədə geniş məlumat verilib. Çıxışda müşahidə olunan nöqsanlar sadalanıb.
Sonda geniş müzakirələr aparılıb.