REGİONLAR
Goranboyda baytarlar qarayara əleyhinə qabaqlayıcı tədbirlər görürlər
Goranboy, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunda saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra olunur. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparır.
Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. Hava şəraiti əlverişli olarsa, tədbirlərin fevral ayının ilk günlərində yekunlaşdırılması nəzərdə tutulur.
Baytarlıq İdarəsinin rəisi Elsevər Hüseynov bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayon ərazisində heyvanlar arasında heç bir infeksion xəstəlik qeydə alınmayıb. Epizootik durum sabit olub. Hazırda profilaktiki tədbirlər davam etdirilir.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi, Goranboy rayonunda 15439 baş iribuynuzlu, 708 baş təkdırnaqlı heyvana qarayaraya, 1959 baş itə quduzluq əleyhinə peyvənd vurulub.