CƏMİYYƏT
Kürdəxanıda məskunlaşmış məcburi köçkünlər üçün hüquqi yardım göstərilib
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində kollegiyanın və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlərin yığcam şəkildə məskunlaşdıqları Kürdəxanı qəsəbəsində ödənişsiz hüquqi yardım göstərilib.
Bakı şəhəri 20 saylı vəkil bürosu tərəfindən 100-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmçinin həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb, o cümlədən hüquqi maarifləndirmə işi aparılıb.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm təşkil olunacaq.