ELM VƏ TƏHSİL
“Tullantıdan incəsənətə” müsabiqəsi çərçivəsində növbəti tədbir
Bakı, 17 fevral, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova, nazirliyin əməkdaşları, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
Bakı Avropa Liseyində keçirilən tədbirdə bu təhsil müəssisəsinin direktoru Zülfiyyə Veysova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışıb.
“Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin, ekoloji və sosialyönümlü tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.
Sonra layihənin kuratoru Rəşad Ələkbərovun “Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatı dinlənilib.
Tədbirdə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı iş seçilib.
Müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
2019-cu ilin noyabrından başlanılan “Tullantıdan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir.
Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.