ELM VƏ TƏHSİL
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası koronavirusa aid qısa sözlük hazırlayıb
Pekin, 18 fevral, AZƏRTAC
Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrası
yeni tip koronavirus (COVİD-2019) epidemiyası ilə əlaqədar Çincə-Azərbaycanca qısa sözlük hazırlayıb.
Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev AZƏRTAC-a bildirib ki, sözlüyə koronavirus epidemiyasına dair 180-dən çox işlək söz və ifadələr daxil edilib. Sözlüyün tərtib edilməsində məqsəd Azərbaycan ictimaiyyətində Çində meydana çıxan və yüzlərlə adamın ölümünə səbəb olan yeni tip koronavirus epidemiyası haqqında daha dəqiq təsəvvür yaranmasına, habelə Çində yaşayan azərbaycanlıların, Azərbaycandakı çinlilərin xəstəliklə bağlı şifahi və yazılı nitqlərində düzgün söz və ifadələrdən istifadə etmələrinə kömək etməkdir.
Sözlük 100-dən çox əcnəbi dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetinin internet səhifəsində və ali təhsil ocağının “Wechat” profilində yerləşdirilib (https://mp.weixin.qq.com/s/MCUySdblepyiNf4FmBw0tg).
Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. PXDU Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayırır. Hazırda universitetdə Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin