DÜNYA
Yaponiya rəsmisi: Si Cinpinin Tokioya səfəri planda nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək
Tokio, 18 fevral, AZƏRTAC
Çin Sədri Si Cinpinin Yaponiyaya səfəri planda nəzərdə tutulduğu kimi, aprel ayında həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 18-də ənənəvi mətbuat konfransı zamanı bəyan edib.
Y.Suqa qeyd edib ki, Yaponiya Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının təşkili ilə bağlı hadisələrin gedişini diqqətlə izləyir.
Qeyd edək ki, fevralın 17-də Çinin dövlət informasiya agentliyi martın 5-də keçirilməsi nəzərdə tutulan yığıncağın yeni koronavirusun yayılması ilə əlaqədar təxirə salına biləcəyi barədə məlumat yayıb.
Y.Suqa deyib ki, heç nəyə baxmayaraq, Yaponiya hökuməti Si Cinpinin səfərinə hazırlıq işlərini davam etdirir.
Baş katib əlavə edib ki, Yaponiya və Çinin Xarici İşlər nazirləri fevralın 15-də keçirilən görüş zamanı hazırlıq işlərinin birlikdə davam etdirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio