QAN YADDAŞI
Tbilisidə “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi açılıb
Tbilisi, 19 fevral, AZƏRTAC
Fevralın 18-də Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və “E-Media Group”un təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın peşəkar rəssamlarının 50-yə yaxın əsəri nümayiş etdirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olub, sonra “E-Media Group”un Xocalı faciəsi ilə bağlı hazırladığı sənədli film və “Məriz” ekran əsəri nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Xocalı faciəsinin baş vermə səbəbləri, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, Xocalı soyqırımını bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı gördüyü işlərdən bəhs edib, “Xocalıya ədalət” kampaniyasının bu mənada böyük rol oynadığını bildirib.
D.Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, Xocalı qətliamının təşkilatçıları layiqli cəzalarını alacaqlar.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında bildirib ki, Xocalı faciəsi ilə bağlı gələcək nəsilləri məlumatlandırmaq olduqca önəmlidir.
Səfir deyib: “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi Türkiyənin bir neçə şəhərində də təşkil olunacaq. Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq”.
Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstanın tanınmış kinorejissoru, Milli Geyimlər Muzeyinin direktoru Gogi Dolidze, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb, soyqırımını törədənlərin beynəlxalq hüquq əsasında cəzalandırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, cinayətkarın cəzasız qalması digər qanlı faciələrə yol aça bilər.
“Hər bir azərbaycanlı Xocalı faciəsinin dünyada tanıdılmasında iştirak etməlidir”, - deyə çıxışlarda vurğulanıb.
“E-Media Group”un rəhbəri Elşən Əliyev, layihə rəhbəri, rəssam Ülkər Əbülfət, Xocalı soyqırımı zamanı ailə üzvləri və yaxınların itirmiş Tural Nurməmmədov, təşkilatın fəal üzvü Nəcəf Qəmbərov, Aprel döyüşlərində iştirak etmiş veteran-həkim Məhəbbət Paşayeva və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı görülən işlərdən danışıb, Tbilisidə tədbirin təşkilindəki dəstəyə görə Azərbaycan səfirliyinə və muzeyin rəhbərliyinə minnətdarlıq ediblər.
Bildirilib ki, “Xocalı: tarixin qan yaddaşı” adlı tədbirə fevralın 2-də Biləsuvar rayonunda start verilib. Analoji tədbir Quba və Gəncədə də təşkil olunub. Tədbir Gürcüstandan sonra Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, eləcə də Rusiyada da keçiriləcək.
Məqsəd Xocalı faciəsinin dəhşətini rəssamların əsərləri ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Sərgidə Azərbaycanın və Gürcüstanın tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi