REGİONLAR
Aqroparklar kənd təsərrüfatının innovativ inkişafını təmin edəcək
Kürdəmir, 20 fevral, AZƏRTAC
Kürdəmir rayonunda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə əkin dövriyyəsinə qatılan 14650 hektar sahədə 4 aqropark yaradılır. Aqroparklardan biri – Pirli massivindəki “Qlobal Aqro” MMC artıq tam fəaliyyət göstərir, qalanlarında isə infrastrukturun yaradılması, torpaqların münbitləşdirilməsi, suvarma şəbəkələrinin və digər zəruri tikililərin inşası istiqamətində işlər davam etdirilir. Aqroparklarda hazırda 300 nəfərədək daimi, 1000 nəfərədək sakin mövsümi işlərdə çalışır. 2019-cu ildə aqroparklarda 8 min ton taxıl, 3500 tondan çox pambıq və digər kənd təsərrüfatı məhsulları istehsal olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumat fevralın 20-də Kürdəmirdə ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində, eləcə də çıxışlarda Prezident İlham Əliyevin fevralın 12-də Kürdəmirə səfərinin, səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin, “Azərxalça” ASC-nin filialının, “Qlobal Aqro” MMC-nin aqroparkının, Pirli-Muradxan-Sor-Sor avtomobil yolunun açılışında iştirakının sakinlər tərəfindən minnətdarlıqla qarşılandığını, insanlarda yüksək əhval-ruhiyyə yaratdığını diqqətə çatdırıblar. Vurğulanıb ki, səfərdən dərhal sonra dövlət başçısının Sərəncamı ilə şəhərdə 8 saylı körpələr evi-uşaq bağçasının tikintisinə, şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat, şəhər 5 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın inşasına isə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Qeyd olunub ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 16,5 faiz artaraq 537605,3 manata çatıb.
Məruzə və çıxışlarda ötən il aqrar sektorun ənənəvi sahələri olan taxılçılıqda, pambıqçılıqda, baramaçılıqda, heyvandarlıqda qazanılan uğurlardan, əhalinin məşğulluğu, onlara göstərilən xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən, habelə cari ildə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.
Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı şura iclasında çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlardan, qarşıda duran vəzifələrdən söz açıb.
Hesabat ilində kənd təsərrüfatı məhsullarının istehsalında yüksək əmək nailiyyətləri əldə edən bir qrup istehsalçıya rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.