DÜNYA
ABŞ-da separatizm: Oreqon ştatının bəzi dairələrinin sakinləri Aydaho ştatına birləşmək istəyirlər
Vaşinqton, 20 fevral, AZƏRTAC
ABŞ-ın Oreqon ştatının sakinlərinin siyasi baxışlarındakı ziddiyyətlər o dərəcədə kəskinləşib ki, bəzi dairələrin mühafizəkar sakinləri Oreqon ştatından ayrılıb Aydaho ştatına birləşmək uğrunda hərəkata başlayıblar.
AZƏRTAC xəbər verir ki, “Böyük Aydaho” adı ilə tanınan bir qrup fəal Oreqonda səsvermə keçirilməsinə dair təkliflə çıxış etməyə hazırlaşır. Səsvermənin nəticəsi onlar üçün müsbət olarsa, Oreqon ştatının şərq hissəsindəki 19 dairə ayrılaraq qonşu Aydaho ştatı ilə birləşəcək.
Hərəkatın aparıcı fəallarından biri Mayk Makkarter “Facebook” səhifəsində yazıb ki, o və qonşuları Oreqon ştatının qanunvericilik orqanının fəaliyyətindən narazıdırlar. Belə ki, o, ştatın sənayesinə, mühafizəkar sakinlərin maliyyə durumuna təhlükə yaradır, onların silah alıb-gəzdirmək hüquqlarını pozur və dəyərlərini alt-üst edir.
M.Makkarter yazıb: “Biz bu qanunvericilər əleyhinə səs verməyə və onları vəzifələrindən kənarlaşdırmağa çalışdıq. Lakin Oreqonun kənd regionlarının sakinləri ştatda azlıq təşkil edirlər. Odur ki, bizim səslərimizə məhəl qoyulmur. Bu, bizim götürdüyümüz son ölçüdür”. “Böyük Aydaho”nun rəhbərliyi bildirib ki, Cozefin və Duqlas dairələri referendum keçirmək barədə onların təklifini artıq qəbul ediblər. Qrup Kaliforniyanın kənd rayonlarını da Aydaho ştatının tərkibinə qatmağa çalışır.
Son bir neçə ildə bəzi kaliforniyalılar və Oreqon sakinləri ayrılıb Cefferson ştatı yaratmaq üçün kampaniyalar təşkil ediblər, lakin onların səyləri uğursuz olub. Siyasi şərhçilərin fikrincə, bu layihə uğur qazanmayacaq. Gözlənildiyinə görə, Oreqon ştatı əhalisinin sayının çoxalması nəticəsində növbəti siyahıyaalmadan sonra bu ştata ABŞ Konqresində əlavə yer veriləcək. Onda ayrılmaq istəyən sakinlər bir yerə toplaşıb onların maraqlarını təmsil edəcək şəxslərə səs verəcəklər.
AZƏRTAC-ın Vaşinqton bürosu