DÜNYA
Müsəlman Dünyası Liqasının təşəbbüsü ilə ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfrans keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Müsəlman Dünyası Liqasının (MWL) təşəbbüsü ilə BMT-nin Cenevrədəki ofisində ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfrans keçirilib. Konfransda liqanın baş katibi Əbdül Kərim Əl-İssa, müxtəlif ölkələrin hökumət nümayəndələri, dini icmaların liderləri və səfirlər iştirak ediblər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, konfransı açan Əbdül Kərim Əl-İssa uşaqların və gənclərin ekstremizm təbliğatından qorunması məqsədilə hökumətlərin və ilahiyyatçıların birgə fəaliyyətinin zəruriliyini qeyd edib. O əlavə edib ki, bu kontekstdə mədəniyyətlərarası və dinlərarası dialoqun böyük əhəmiyyəti var. “Düşünürəm ki, dini liderlər fitvalarında daha diqqətli olmalı, yaşadıqları regionun reallıqlarını nəzərə almalıdırlar. Silahlı münaqişələrin davam etdiyi və terror aktlarının törədildiyi ölkələrdə daha çox sülhə və sabitliyə yönəlmiş çağırışlar səslənməlidir”, -deyə baş katib vurğulayıb.
Konfransda qeyd olunub ki, Əl-Əzhar böyük imamı, Şeyx Əhməd əl-Tayyibin İslam dininə yeni yanaşma, müxtəlif fitvaların, təriqətlərin ideyalarının deyil, Müqəddəs Quranın əsas götürülməsi təşəbbüsü bir çox ilahiyyatçılar tərəfindən bəyənilib. Qərbdə hökm sürən islamofobiya fonunda müsəlman ölkələrinin sülh təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.