İDMAN
Yeniyetmə badmintonçular arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 20 fevral, AZƏRTAC
Bir nömrəli idman liseyində Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2006-2007-ci il təvəllüdlü oğlan və qız badmintonçular arasında keçirilən Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasına (ABF) istinadla xəbər verir ki, turnirdə 54 oğlan və 27 qız badmintonçu 5 kateqoriya üzrə qüvvəsini sınayıb.
Şəxsi yarışlarda oğlanlar arasında Elşən Novruzov, qızların mübarizəsində isə Həcər Nuriyeva birinci olublar. Qoşa yarışlarda Elşən Novruzov-Bağır İsmayılov və Fatimə Əşrəfova-Mədinə Nağıyeva tandemi qalib gəliblər. Qarışıq-qoşa yarışlarda isə Elşən Novruzov-Fatimə Əşrəfova cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.