REGİONLAR
İmişlidə sənaye məhsulunun 96.5 faizi qeyri-dövlət sektorunda istehsal olunub
İmişli, 20 fevral, Mahir Babayev, AZƏRTAC
Ötən il İmişlinin sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsаs sаhələri üzrə 621 min 509.7 mаnаtlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 351 min 942.3 manatı sənaye, 128 min 922.5 manatı kənd təsərrüfаtı, 52 min 871.1 mаnаtı tikinti, 78 min 909.4 mаnаtı ticаrət və ictimai iаşə, 8 min 202.5 mаnаtı nəqliyyat, 671.9 mаnаtı isə rаbitə müəssisələrinin payına düşüb. İqtisadiyyatda əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub. İstehsal olunan 351 min 942 manatlıq sənaye məhsulunun 96.5 faizi qeyri-dövlət sektorunda istehsal olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə rayondakı Heydər Əliyev Mərkəzində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.
Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı və tikinti-abadlıq sahəsində əldə olan göstəricilər daha ürəkaçan olub.
Bildirilib ki, hesabat dövründə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yeni yaşayış binasının tikintisi, rayon statistika idarəsinin inzibati binasının əsaslı təmiri, Muradxanlı kəndində 56 yerlik modul tipli, Aranlı kəndində 132 yerlik, Qızılkənd kəndində 624 yerlik məktəb binalarının tikintisi başa çatıb, rayon icra hakimiyyətinin və 264 yerlik Muradxanlı kənd tam orta məktəb binasının inşası davam etdirilib, şəhərin Q.Qarayev, C.Cabbarlı, M.Ə.Sabir, 28 May və C.Dədəkişiyev küçələrinə asfalt örtüyü qoyulub.
Yığıncaqda qeyd edilib ki, hesabat dövründə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı nəzərəçarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin surətli inkişafına nail olunub. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Məlumat verilib ki, ötən il rayonda 7 min 492 hektar sahədə pambıq əkilib və sahələrdə 19 min 715.2 ton məhsul yığılıb. Ötən il rayonda 152 kümçüyə ipəkqurdu toxumu paylanılaraq 9 ton 570 kiloqram yaş barama tədarük olunub. 2019-cu ildə rayonda 13 min 431 ton ət (diri çəkidə), 50 min 84 ton süd istehsal olunub, 70 min 821.4 ton taxıl, 2 min 215.3 ton kartof, 3 min 235.5 ton bostan, 917 ton şəkər çuğunduru, 2 min 587.4 ton tərəvəz, 1954.5 ton dən üçün qarğıdalı, 1626.3 ton darı istehsal olunub. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Qeyd olunub ki, rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, il ərzində 535 nəfər daimi işlə təmin olunub, gəlirləri ehtiyac meyarından aşağı olan ailələr ünvanlı sosial yardımla təmin edilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən də danışılıb.
Toplantıda çıxış edənlər rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulayıblar.
Yığıncaq müzakirə olan məsələ ilə bağlı qərar qəbul edib.