CƏMİYYƏT
Daxili Qoşunların Təlim Mərkəzində məşğələlər uğurla davam etdirilir
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müvafiq əmrinin tələblərinə uyğun olaraq, fevralın 17-dən etibarən Daxili Qoşunların (DQ) Təlim Mərkəzində Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin dinləyiciləri ilə növbəti məşğələlərin keçirilməsinə başlanılıb.
DQ-dən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı tərəfindən təsdiq edilmiş müvafiq məşğələ cədvəlinə əsasən, qoşunların Baş İdarəsinin və Bakı qarnizonunda N saylı hərbi hissənin zabitləri tərəfindən dinləyicilərlə nəzəri və praktiki məşğələlər xüsusi-taktiki, atəş, hərbi mühəndis, rabitə və hərbi tibb hazırlığı mövzuları üzrə keçirilir. Fevralın 23-dək davam edəcək məşğələlərdə əsas məqsəd dinləyicilərə daxili işlər orqanlarının istifadəsində olan xüsusi texnikanın, silahların, qurğuların və vasitələrin təyinatı, taktiki-texniki xüsusiyyətləri və istifadəetmə qaydaları barədə geniş bilgilər verməklə, onların peşəkarlıq səviyyələrinin artırılmasına nail olmaqdır.
Məşğələlər zamanı dinləyicilərə cinayət törətmiş və asayişin qrup halında pozulmasında fəal iştirak edən şəxslərin saxlanılması üsulları, silahlarla, döyüş sursatları və imitasiya vasitələri ilə davranma zamanı təhlükəsizlik qaydaları, atışın əsasları və qaydaları, xidməti-döyüş tapşırıqları yerinə yetirilərkən partlayıcı maddənin aşkar edilməsi zamanı daxili işlər orqanları əməkdaşının fəaliyyəti və ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilir.
Dinləyicilər məşğələlər zamanı qarşıya qoyulmuş bütün tapşırıqları, o cümlədən xüsusi taktiki hazırlıq üzrə müxtəlif şəraitlərdə (küçə yürüşlərində, binalarda, nəqliyyat vasitələrində və s.) fərdi qaydada silah və xüsusi vasitələrin tətbiq edilməsi üzrə praktiki fəaliyyəti yerinə yetiriblər.
Daxili Qoşunların Təlim Mərkəzində Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin dinləyiciləri ilə fevralın 10-dan 16-dək keçirilən təlimlərin birinci mərhələsi uğurla başa çatdrılıb.