CƏMİYYƏT
Yevlaxda məktəblilərə sağlamlıqla əlaqədar seminar keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində regional mərkəzlər və yerli bölmələr vasitəsilə əhali arasında maarifləndirici səhiyyə tədbirləri aparılır.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yevlaxda 7 nömrəli tam orta məktəbdə şagirdləri üçün sağlamlıqla əlaqədar seminar keçirilib.
Cəmiyyətin rayon bölməsinin sədri Həbibə Məmmədova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, eləcə də cəmiyyətin ölkəmizdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. “İcmaya əsaslanan sağlamlıq” proqram koordinatoru Mətanət Qaraxanova sağlam həyat tərzi, onu şərtləndirən xüsusiyyətlərdən bəhs edib. O, uşaqların sağlam böyüməsi üçün ətraf mühitin təmizliyinin sağlam həyat tərzinin şərtlərdən biri olduğunu bildirib, şagirdləri sanitar-gigiyenik qaydalara riayət olunmasına və ətraf mühitin zərərli məhsullardan təmizlənmə kampaniyalarında iştirak etməyə çağırıb.
Məktəbin müəllimi Xədicə Musayeva ətraf mühitin təmizlənməsi ilə əlaqədar şagirdlərin həyata keçirdiyi tədbirlərdən danışıb.