CƏMİYYƏT
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində Masallıda görüşlər keçirilib
20.02.2020 [18:46]
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Alessandro Frakassetti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yaxın əməkdaşlıq şəraitində həyata keçirilən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək (E4)” layihəsi çərçivəsində Masallıda səfərdə olublar.
Komitədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə layihə çərçivəsində yaradılmış Masallı Qadın Resurs Mərkəzinin keçirdiyi təlimlərdən yararlanan qadınların biznes subyektlərinin monitorinqi keçirilib. Bu layihə potensialın gücləndirilməsinə əsaslı dəstək və şəbəkələşmə vasitəsilə Azərbaycanın kənd ərazilərində, o cümlədən ölkənin cənubunda yerləşən Masallı və şimal-qərbində yerləşən Zaqatalada qadın və qızların maliyyə bacarıqlarının, iqtisadi fəallığının və biznes səriştəsinin artırılmasına dəstək göstərir.
Monitorinqdə Qadın Resurs Mərkəzinin koordinatoru, Qadınların Sosial İnkişafına Dəstək Ictimai Birliyinin sədri Nərgiz Muxtarova da iştirak edib. Nümayəndələr çörəkbişirmə və dulusçuluq sexində olub, biznesi idarə edən qadınlarla görüşüb üzləşdikləri problemlər, bizneslərinin inkişafında qarşılarına çıxan maneələrlə maraqlanıblar.
Monitorinq başa çatdıqdan sonra biznes təlimlərində iştirak edən və hazırda bizneslərini quran xanımlarla çay süfrəsi ətrafında qeyri-rəsmi görüş keçirilib. Onların fəaliyyəti geniş müzakirə olunaraq müəyyən tövsiyə və məsləhətlər verilib.
Daha sonra Sədaqət Qəhrəmanova və Alessandro Frakossetti Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüb. Görüş zamanı layihə haqqında geniş məlumat verilib, layihə çərçivəsində fəaliyyətin genişləndirilməsi və gələcək planlarla bağlı müzakirələr aparılıb. Görüşdə qadınlara biznes fəaliyyətini genişləndirmələri üçün dəstək göstərilməsi, gənclər üçün peşə ixtisası kurslarının, fiziki məhdudiyyətli insanlar üçün biznesə dəstək və müxtəlif mövzulu təlimlərin keçirilməsi, pandusların qurulması məsələləri ətraflı şəkildə müzakirə edilib. Eyni zamanda, icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu da bu tədbirlərə cəlb ediləcək. Bu, öz növbəsində, layihənin sosial yükünü artıraraq erkən nikahların, məişət zorakılığının qarşısını almağa yardım edəcək.
Masallı Qadın Resurs Mərkəzi az müddətdə fəaliyyətini genişləndirərək qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. USAID-in maliyyə dəstəyi ilə BMTİP və Azərbaycan hökuməti Bakıdan 170 kilometr şimalda yerləşən Xaçmazda yeni Qadın Resurs Mərkəzini yaradıb. Bu mərkəz 50-dən çox qadının öz biznesini qurmasına dəstək göstərib.