ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində icbari tibbi sığorta ilə bağlı təqdimat
Bakı, 21 fevral, AZƏRTAC
Ölkəmizdə əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi davam edir. Bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova universitetin müəllim və tələbələri üçün geniş təqdimatla çıxış edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Aynurə Əhmədova əvvəlcə gündəmdə olan və dünya əhalisini təhdid edən koronavirus, ondan qorunmağın yolları barədə məlumat verib. Agentliyinin nümayəndəsi sonra icbari tibbi sığorta ilə bağlı çıxış edib. Bildirib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələ yanvar ayından başlanıb və 23 rayonu əhatə edir. İkinci mərhələ aprel, üçüncü iyul, dördüncü mərhələ isə oktyabrdan başlayaraq reallaşdırılacaq. Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığortanın tətbiqi sonuncu mərhələdə həyata keçiriləcək. Bu il aprelin 1-dən etibarən isə icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur.
A.Əhmədova icbari tibbi sığorta haqları barədə də məlumat verib. Bildirib ki, dövlət və neft sektorunda çalışanlara görə bu məbləğ 8 min manat maaşa qədər 2 faizdir; 2 faiz də işəgötürən tərəfindən ödənilir. Əməkhaqqının 8 min manatdan yuxarı hissəsindən isə tutulma 0,5 faiz müəyyən olunub. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin maaşının 8 min manatdan yuxarı hissəsindən 1 faiz icbari sığorta haqqı tutulacaq. Özəl qeyri-neft sektorunda çalışanlar isə məvacibindən icbari tibbi sığortaya bu il 1 faiz ödəyəcəklər. Lakin bu güzəşt 2021-ci ildən aradan qalxacaq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə icbari tibbi sığorta haqqı minimum əməkhaqqının 4 faizi məbləğində müəyyən olunub. Qeyd edək ki, hər bir sığortaolunanın tibbi xərcləri üçün 90 manat da dövlət tərəfindən əlavə ayrılacaq.
Qeyd olunub ki, icbari tibbi sığortada xidmətlər zərfinə 2550 tibbi xidmət daxil edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.