CƏMİYYƏT
Bakı Ali Neft Məktəbinin tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ATGTİ-nin sədri Faiq Məmmədov çıxışlarında tələbələrin ictimai proseslərdə fəal iştirakında İttifaqın rolunu xüsusi vurğulayıblar. BANM tələbələrinin də İttifaq tərəfindən təşkil olunan bir sıra tədbirlərdə fəal rol oynadıqları qeyd edilib.
Konfransda BANM tələbə gənclər təşkilatının hesabat dövründəki fəaliyyətinə dair məruzə dinlənilib.
Sonra təşkilatın rəhbərliyinə seçkilər keçirilib. BANM-in neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə səsvermə nəticəsində bu ali təhsil ocağının tələbə gənclər təşkilatının sədri seçilib. O, çıxışında tələbələrin şəxsi inkişafına dəstək verəcək tədbirlərin, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. L.İsmayılzadə tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində də fasiləsiz iş aparılacağını bildirib.