SİYASƏT
MSK-nın iclasında 48 saylı Yevlax seçki dairəsi ilə bağlı şikayətə baxılıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax seçki dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin şikayətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
A.Muxtarova bildirib ki, R.Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK sosial şəbəkələrdə bu məntəqələrlə, həmçinin 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb. 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb.