ELM VƏ TƏHSİL
Xəzər Universitetində “Son nəfəsədək” filminin yaradıcı heyəti ilə görüş
Bakı, 26 fevral, AZƏRTAC
Xəzər Universitetində “Son nəfəsədək” filminin nümayişi və yaradıcı heyəti ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova açaraq, 1992-ci il fevralın 26-da erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı törətdiyindən danışıb. O, bu qətliamın təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət olduğunu vurğulayıb.
Sonra real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmi nümayiş olunub. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov bildirib ki, ekran əsəri Qarabağ müharibəsinin ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə edir. Filmdə İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkiliblər.
Filmin nümayişindən sonra Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova Qarabağ münaqişəsi ilə bağlı reallıqların bugünkü və gələcək nəsillərə çatdırılması üçün belə filmlərə böyük ehtiyac duyulduğunu qeyd edib.
Tədbirdə çıxış edən İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli belə filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müsbət rol oynadığını xüsusi vurğulayıb.
Sonda tələbələr yaradıcı heyətlə fikir mübadiləsi aparıblar.