CƏMİYYƏT
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib. Bu göstərişlər nəticəsində fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.