REGİONLAR
Xocalı soyqırımı qurbanlarının xatirəsi Füzuli rayonunda dərin hüznlə anılıb
Füzuli, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 28-ci ildönümü münasibətilə Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni minlərlə insan ziyarət edib. Rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərləri abidənin önünə tər çiçəklər düzüb, faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə iştirak edən rayon sakinləri ilə söhbətində Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu, xalqımızın yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir.
Anım mərasimində bildirilib ki, 28 il əvvəl erməni silahlı birləşmələri Xankəndində yerləşən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı törədib. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın, uşaq və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib.