CƏMİYYƏT
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Azərbaycan xalqı son 200 ildə erməni şovinistləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Ötən əsrin ən böyük və qanlı faciələrindən olan Xocalı soyqırımı da həmin qeyri-insani siyasətin nəticələrindən biridir.
F.Musayev Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Qeyd edib ki, tarixin ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Sonra FHN-in İdman-Sağlamlıq Mərkəzinin hüquqşünası Həmid Məmmədov Xocalı soyqırımı haqqında ətraflı çıxış edib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr edilən sənədli film nümayiş olunub.