ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində növbəti beynəlxalq imtahanlar keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili üzrə növbəti Pearson VUE imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, həftə ərzində 9 xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanı verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan “PTE Academic” imtahanının nəticələri avtomatlaşdırılmış texnologiyadan (AI) istifadə edilməklə hesablanır və 1-2 iş günü ərzində onlayn şəkildə açıqlanır.
Qeyd edək ki, ADA Universitetində təhsil almaq üçün ingilis dilinin müvafiq səviyyəsini təsdiq edən IELTS və TOEFL nəticələri ilə yanaşı, PTE-Academic sertifikatı (minimal bal – 50) da qəbul olunur.
2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzində verilə biləcək ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların saatları DİM-in saytında http://www.tqdk.gov.az/news/5073/ yer alıb.
Qeyri-iş günləri imtahanlar keçirilmir.