REGİONLAR
Qazaxın yaşayış məntəqələrinin 86 faizində avtomobil yolu yenidən qurulub
Qazax, 28 fevral, Rauf Hacıyev, AZƏRTAC
Qazax rayonunun yaşayış məntəqələrinin 85,71 faizini əhatə edən (işğal olunmuş 7 kənd istisna olmaqla) 8 avtomobil yolu yenidən qurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyi "28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 16 körpü və 148 kilometr uzunluğunda yola xidmət edir.
Bunun 14 kilometri respublika əhəmiyyətli yollardır. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun, habelə son 3 il ərzində rayonun Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi əhalinin tam olaraq asan gediş-gəlişini təmin edib.
Keçən il şəhər ərazisində 3,74 kilometr, kənd ərazilərində isə 272 kilometr yollara qum-çınqıl tökülərək hamarlanıb. Şəhərin 11 küçəsində asfalt örtüyü təmir olunub, yolun hərəkət zolaqları və piyada keçidləri xətlənib. Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi işləri 2019-cu ilin fevral ayından başlanılıb. Layihənin Qazax rayonu ərazisinə düşən 41 kilometr məsafəsində nəzərdə tutulmuş işlər sürətlə davam etdirilir.