ELM VƏ TƏHSİL
Peşəyönümü istiqamətində maarifləndirmə işi aparılıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “JW Marriott Absheron Baku” otelinin birgə təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib. Tədbirə Bakı şəhərinin orta təhsil müəssisələrində təhsil alan şagirdlər, onların valideynləri və ümumtəhsil müəssisələrində peşəyönümü işini aparan koordinatorlar qatılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günü ölkədə turizm-xidmət sahəsinə maraq göstərən, gələcəyini otel-xidmət sahəsində görmək istəyən gənclərin maarifləndirilməsi və onların bu istiqamətdə mövcud karyera fürsətləri barədə məlumatlandırılması məqsədilə təşkil olunub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, “JW Marriott Absheron Baku” otelinin baş direktoru Alper Can Bulcum, İnsan resursları şöbəsinin direktoru Sevinc Purvisin peşə seçiminin önəmindən bəhs ediblər. Oteldə mövcud iş imkanları və perspektivlər barədə geniş məlumat veriblər.
“JW Marriott Absheron Baku” otelində çalışan peşə təhsil müəssisələrinin məzunları tədbir iştirakçıları ilə uğur hekayələrini paylaşıblar.