REGİONLAR
Lənkəranlı gənclər əsgər və zabitlərlə görüşüblər
Lənkəran, 28 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Günü ərəfəsində rayonun ali və orta ümumtəhsil müəssisələrində təhsil alan gənclərin Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgər və zabitləri ilə görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Azər Əliyev gənclərə hərbi hissənin təyinatı, burada görülən işlər, əsgər və zabitlər üçün yaradılan şərait barədə gənclərə məlumat verib.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə görüşün gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ilkin hərbi biliklərlə yiyələnməsi, eləcə də gənclərlə əsgərlər arasında fikir mübadiləsinin aparılması məqsədilə keçirildiyini söyləyib.
Hərbi hissənin komandiri və digər zabitlər gənclərə hərbi hissənin kazarması, silahlandırma otağı, pirotexniki sinif otağı, kimyatəyinatlı sinif otağı, eləcə də ərazinin minalanması və minalanmış ərazinin zərərsizləşdirilməsi haqqında məlumat veriblər.
Görüşdə, həmçinin fövqəladə hallarda zəruri olan davranış qaydaları praktiki olaraq nümayiş etdirilib.