REGİONLAR
Naxçıvan Musiqi Kollecində tələbələr üçün təlim keçirilib
Naxçıvan, 29 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Gənclərdə büdcə savadlılığı” layihəsi çərçivəsində Naxçıvan Musiqi Kollecində tələbələr üçün keçirilən təlim gənclər tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, proqrama uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim edilib. Elektron materiallar vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin layihəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət və büdcədənkənar fondlar, ehtiyat fondları haqqında ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin digər əməkdaşları Xəlil Vəlizadə və Qənbər Xudiyev tərəfindən “Fərdi və ailə büdcəsinin tərtibi, tətbiqi” mövzusunda təlim keçilib. Mövzuya müvafiq olaraq fərdi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub.