DÜNYA
Yaponiyanın Baş Naziri yeni koronavirusla mübarizənin uzun müddət davam edəcəyini bildirib
Tokio, 29 mart, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusla mübarizənin uzun müddət davam edəcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir martın 28-də axşam saatlarında keçirdiyi mətbuat konfransı zamanı bildirib. Yeni koronavirusun ABŞ-da və Avropa ölkələrində yayılmasından danışan Ş.Abe, Yaponiyada bu xəstəliyin qarşıdakı iki həftə ərzində təqribən 30 dəfə çox arta biləcəyini deyib.
Baş Nazir bildirib ki, mərkəzi hökumət yerli administrasiyalarla birlikdə virusun yayılmasının qarşısını almağa çalışır. Ş.Abe, həmçinin indiki halda fövqəladə vəziyyətin elan olunmasına ehtiyac olmadığını da vurğulayıb.
Fövqəladə iqtisadi tədbirlərlə bağlı stimullaşdırıcı paketin yaxın 10 gün ərzində hazır olacağını deyən Baş Nazir, buraya ev təsərrüfatları üçün pul vəsaitlərinin daxil ediləcəyini də bildirib. Əlavə edib ki, həmin vəsait 2008-ci il böhranı zamanı ayrılan yardımdan çox olacaq.
Ş.Abe, eyni zamanda, hökumətin kiçik biznesə kömək üçün vergi güzəştləri, yerli vergilərdən azad etmə, faizsiz kreditlər və güzəştlərin yeni sisteminin tətbiq olunacağını da diqqətə çatdırıb.
Onun sözlərinə görə, infeksiyanın yayılması dayandırıldıqdan sonra səyahətlər, nəqliyyat, restoranlar və digər xidmət müəssisləri üçün də stimullaşdırıcı tədbirlər həyata keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio