REGİONLAR
Xaçmazda xüsusi karantin rejiminə nəzarət məqsədilə 101 qrup yaradılıb
Xaçmaz, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin aparatı, inzibati ərazi dairə nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət, ümumilikdə, 101 qrup yaradılıb.
Qruplar əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində, habelə fərdi şəkildə maarifləndirmə tədbirləri həyata keçirir. Sakinlər ilə aparılan söhbət zamanı bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələrə mütləq qaydada əməl edilməlidir. 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub. Eyni zamanda, sakinlərə xüsusi karantin rejiminin tələblərinin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədilə tətbiq edildiyi bildirilir. Diqqətə çatdırılır ki, xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin göstərilməsi rayonda yaradılmış qərargah tərəfindən diqqət mərkəzində saxlanılır.