ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyası onlayn şəkildə dərslərə yenidən start verir
Bakı, 29 mart, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası martın 29-dan tədris prosesini bütün pillələr üzrə onlayn və videogörüntülər vasitəsilə təşkil edir.
Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyətinin təhsilalanlarla distant təhsil şəklində ünsiyyəti davam etdiriləcək. Belə ki, təhsilalanların tədris prosesindən kənar qalmaması üçün müəllimlər həm fərdi qaydada dərslərini keçəcək, həm də ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə tam orta təhsil pilləsinin şagirdləri, orta ixtisas təhsil pilləsinin, ali təhsilin bakalavriat və magistratura səviyyələrinin tələbələri nəzəri və ixtisas fənləri üzrə yayımlanan videodərsləri izləyə biləcəklər.
Dərslər bütün kursları əhatə edir və respublikada xüsusi karantin rejimi bitənə qədər davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin davamı olaraq Nazirlər Kabineti virusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci il martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.