REGİONLAR
Şirvanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır
Şirvan, 29 mart, Mahir Babayev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində və qəsəbələrdə, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə tədbirləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Şirvan Şəhər İcra Hakimiyyəti Aparatının, şəhər bələdiyyəsinin, 1 saylı inzibati ərazi dairəsinin və digər qurumların məsul işçilərindən ibarət mobil qrup yaradılıb.
Mobil qrupların tərkibinə qoruyucu maskalar taxmış, əraziləri yaxşı tanıyan və əhali arasında nüfuzu olan məktəb direktorları, mənzil təsərrüfatı və kommunal kombinatı müəssisələrinin işçiləri də cəlb ediliblər.
Şəhər Daxili İşlər Şöbəsinin Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqların yığışdırılmasına başlanılıb.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.