REGİONLAR
Şəmkirdə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılıb
Şəmkir, 29 mart, AZƏRTAC
Şəmkir rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, #EvdəQal aksiyasında qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejiminin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparacaqlar.
178 qrupun 3 nəfərdən ibarət üzvləri arasında Şəmkir RİH əməkdaşları, könüllü gənclər, idmançılar və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları daxil edilib. Eyni zamanda, RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qrupların tərkibinə daxil edilib.
Qruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin olunub.
Bu gün mobil qrupların üzvləri ilə görüşən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və Şəmkir Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov sakinlərin sağlamlığı üçün görülən tədbirlərin bir hissəsi olan gənclərə və polislərə uğurlar arzulayıblar.
Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargahın əsas məqsədi dünyanın bəlasına çevrilən, insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı birliyə, həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir.