REGİONLAR
Ağdam Dövlət Dram Teatrı tamaşaçıların görüşünə onlayn rejimdə gəlir
Ağdam, 30 mart, AZƏRTAC
Koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan Ağdam Dövlət Dram Teatrı "evdə qal" kampaniyasına qoşularaq repertuarındakı tamaşaların onlayn nümayişinə başlayıb.
Teatrın direktoru Məhəmməd Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tamaşaların “Facebook” sosial şəbəkəsi vasitəsilə nümayişində məqsəd insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır. Tamaşaçılar “Facebook” sosial şəbəkəsində Ağdam Dövlət Dram Teatrının səhifəsinə daxil olaraq tamaşaların videoyazısını izləyə bilərlər. Martın 28-də Ağalar İdrisoğlunun "Qoşulub qaçan qız"( baş rejissoru Əməkdar artist Novruz Cəfərov), martın 29-da Sahib İbrahimlinin "Cənnət və cəhənnəm"(quruluşçu rejissor Kərim Həsənli), martın 30-da Elçin Hüseynbəylinin "İmperator"(quruluşçu rejissor Səbuhi Əhmədov) tamaşaları təqdim edilib. Martın 31-də teatrsevərlərə Sərvər Əliyevin quruluş verdiyi, Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş "Ürəyində arzu tut" tamaşası təqdim olunacaq.
Teatrın repertuarında olan tamaşaların onlayn nümayişi aprel ayı ərzində də davam etdiriləcək.